Qara dəniz regionu gərgin diskussiyaların mövzusu olan və mübahisələrə səbəb olan bir məkandır. Bölgənin dəyişkən dinamikası, mürəkkəb gerçəkliyi, kənar qüvvələrin maraqları və bölgənin ətraf aləmlə münasibətləri buna sübutdur. Şimalla cənub, şərqlə qərb arasında yerləşən bu regionun strateji cəhətdən mühüm olan coğrafi mövqeyi, onun neft-qaz, nəqliyyat və ticarət infrastrukturu bölgənin artan əhəmiyyətinin əsas amillərindəndir.
Regiona olan böyük marağa rəğmən onun prioritet təşkil edən əsl problemləri və ehtiyaclarına çox vaxt məhəl qoyulmur. Bunu qismən regional aktorların gələcəyə ümumi baxışın formalaşdıra bilməməsi ilə əlaqələndirmək olar. Qara dəniz bölgəsinin “regionlararası region” kimi meydana gəlməsi, güclü yerli və xarici oyunçuların bu bölgədə olan maraqlarının bir-biri ilə toqquşması lazımi diqqəti regiondan yayındırır. Buna görə bölgədəki problemləri və onun prioritetlərini təcili surətdə yenidən qiymətləndirmək tələb olunur. Beləliklə, regionda marağı olan bütün tərəflər görülməsi vacib olan məsələləri daha yaxşı anlayacaq, problemlərin həllində yeni yanaşmalar tətbiq etməyə imkan tapacaq, və bu yolla regionda təhlükəsizlik, sabitlik və firavanlıq təmin ediləcək. Qara dəniz regionunda sülh və əməkdaşlığın hökm sürməsi hamı üçün faydalı ola bilər.
Bunu nəzərə alaraq, Komissiya öz kompleks üsulundan istifadə etməklə özündə bir çox elementi, o cümlədən aşağıda sadalanan dörd sahə üzrə bütün tərəflərin ehtiyacları, prioritetləri və maraqlarını cəmləşdirən strategiyanı dəstəkləyir. Sözü gedən sahələr bunlardır: əmin-amanlıq və təhlükəsizlik, iqtisadi inkişaf və firavanlıq, demokratik institutlar və düzgün dövlət idarəçiliyi, və, nəhayət, regional əməkdaşlıq. Komissiya belə bir qənaətə gəlmişdir ki, regionun gələcəyi demokratikləşdirmənin davam etdirilməsi və dünyanın digər regionları ilə iqtisadi inteqrasiyasından asılıdır.
Bu hesabatın hazırlanmasına əsas səbəb bölgənin artmış geosiyasi səbatsızlığıdır; bu səbatsızlıq bəzi yerlərdə istənilən anda açıq müharibəyə çevrilmək iqtidarındadır. Regionda mövcud olan çözülməmiş münaqişələr iqtisadi inkişafa mane olur və daha geniş miqyaslı müharibələrin başlanmasına təkan verə bilər. Onlar regional sabitlik və təhlükəsizliyə mənfi təsir göstərir və çözülməmiş qaldığı halda beynəlxalq səviyyədə daha ağır nəticələr verə bilər. Bununla belə Komissiya əmindir ki, regionda həmrəylik, inkişaf, inteqrasiya və sabitliyin hökm sürəcəyini gözləmək realdır. Buna nail olmaq üçün:
· Region aktorları öz siyasi münasibətlərində güc tətbiq etməkdən imtina etməli və digərlərinin ərazi bütövlüyü və sərhədlərinin pozulmazlığına hörmətlə yanaşmalıdırlar, öz əməllərində beynəlxalq sazişləri və qanunun aliliyini uca tutmalıdırlar.
· Regionda maraqları olan kənar oyunçular Qara dəniz bölgəsində düzgün dövlət idarəçiliyi, qarşılıqlı asılılıq və siyasi və iqtisadi regionlaşdırmanı təmin edən səyləri dəstəkləməlidirlər.
· Beynəlxalq birlik bölgədə əməkdaşlıq səylərinə, qarşılıqlı etibar abu-havasının yaradılmasına yönəlmiş addımlara və mübahisələrin sülh yolu ilə həll edilməsi üçün görülən digər tədbirlərə dəstək verməlidir.
Qara Dəniz bölgəsində aparılan siyasətin üsulu regional olduğu halda daha çox effekt verir. Bölgədəki dövlətlər regional problemlərin regional həllərini tapmağa cəhd etməlidir. Dövlətlər qarşıda duran problemləri birlikdə həll etməyə hazır olmalı, biznes strukturları, QHT-lər və vətəndaş cəmiyyəti kimi qeyri-dövlət qurumlarının həll yollarının araşdırılmasında əhəmiyyətli surətdə iştirak etməsinə imkan yaratmalıdır. Beləliklə, Komissiya tövsiyə edir ki:
Baxış 2020 – Qara dəniz aspekti
Bölgədəki aktorlar və ölkələr tərəfindən 2020-ci ilə yönələn “Qara dəniz aspekti” adlı yeni kompleks konsepsiya və siyasət hazırlansın. Bu konsepsiya bölgədəki dəyişiklikləri əvvəlcədən görməklə regional əməkdaşlığı dəstəkləyə bilər. “Baxış 2020” bir neçə əlaqəli təşəbbüsün kulminasiyası olaraq aydın strategiya formasını almalıdır.
Qara dəniz regionalizminin səviyyəsi qaldırılsın.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) fəallaşdırılmasına ehtiyac duyulur. Təşkilatın 20 illiyi ilə bağlı 2012-ci ildə keçiriləcək yubiley zirvə toplantısının yaratdığı imkandan istifadə edərək təşkilat üzvləri öz üzərinə götürdükləri regional əməkdaşlıq öhdəliyini yenidən vurğulamalı və daha nüfuzlu və əhəmiyyətli təşkilat kimi yenilənmiş QDİƏT-in təqdimatını keçirməlidirlər. QDİƏT-ə yeni həyatın, daha geniş rolun və daha böyük regional əhəmiyyətin verilməsinin rəmzi olaraq təşkilata yeni ad verilə bilər. Təşkilat üçün yeni adın, bayrağın və loqotipin seçilməsi üçün bütün region çərçivəsində hər kəsin qatıla biləcəyi məlumatlandırma müsabiqəsi keçirilə bilər.
Münaqişələrin həlli istiqamətində işlər görülsün.
Uzunsürən münaqişələrin və digər həll edilməmiş qalan regional məsələlərin çözülməsi üçün yüksək səviyyəli məsləhətçi qrup yaradılmalıdır. Münaqişə tərəfləri arasında inamın artırılması üzrə tədbirlər görülməli, müvafiq təhlükəsizlik məsələləri ətrafında strukturlaşdırılmış dialoq aparılmalıdır. Qara dəniz bölgəsi üzrə zirvə toplantısı səviyyəsində bölgə dövlətləri və beynəlxalq aktorların iştirakı ilə beynəlxalq yığıncağın keçirilməsi yüksək səviyyəli məsləhətçi qrup tərəfindən aparılan işin son nöqtəsi olmalıdır.
Ümumi problemləri və əsl ehtiyacları əhatə edən iqtisadi məsələlərə diqqət yetirilsin.
Dayanıqlı inkişaf prinsipləri Qara dəniz bölgəsində regional əməkdaşlığın təməl prinsipləri olmalıdır. İqlim dəyişməsi nəticələrinin səmərəli surətdə aradan qaldırılması, təbii, bəşəri və ictimai ehtiyatlardan məsuliyyətli istifadə dayanıqlı inkişaf modelinin vacib hissələri olmaqla milli və regional səviyyədə nizamlı strategiyalara çevrilməlidir. Biznes mühitinin yaxşılaşdırılması, dövlətlərarası iqtisadi fəaliyyətin genişləndirilməsi, ümumi siyasətin işlənib hazırlanması məqsədilə müvafiq dövlət rəsmiləri arasında mütəmadi dialoqların təşkil edilməsi kimi tədbirlər həyata keçirilməlidir.
Bütün səviyyələrdə regional əməkdaşlıq layihələri dəstəklənsin və koordinasiya edilsin.
Qara dəniz bölgəsinin tam potensialını açmaq üçün bölgədə mövcud olan çoxsaylı əməkdaşlıq planları, proqramları və təşəbbüslərinin koordinasiyası aparılmalıdır. Eyni zamanda ənənəvi olan “yuxarıdan aşağı” yanaşmasının çərçivəsindən çıxıb regionun inkişafında vətəndaş cəmiyyətinin rolunu təmin etmək lazımdır. Milli səviyyədən daha çox regional səviyyədə effektli həll edilə bilən problemlərin müəyyən edilməsi prioritet məsələlərdən biridir. Baltik dənizi, Balkanlar, Dunay regionu kimi digər regionlarda bənzər problemlərin həllində qazanılmış təcrübə öyrənilməli və bu təcrübədən ibrət götürülməlidir.
Mədəniyyətlərarası dialoqa imkan yaradılsın.
Qara Dəniz bölgəsində yaşayan xalqlar arasında mədəniyyətlər və dinlərarası dialoqun dəstəklənməsi və bu dialoqa himayədarlığın göstərilməsinə ehtiyac duyulur. Universitetlər arasında əməkdaşlıq genişləndirilməli, region jurnalistləri məhz bütün region əhalisi üçün ölkələr üzrə materialların hazırlanmasına həvəsləndirilməlidir.
Peşəkarlar qrupları üçün ünvanlı təlimlərin təşkilinə yardım edilsin.
Regionun hər bir yerində dövlət qulluqçuları, diplomatlar, gənc liderlər, parlament üzvləri və iş adamları üçün ünvanlı təlimlərin keçirilməsinə ehtiyac var. Qara Dəniz Təlim Akademiyasının yaradılması bu prosesi təşkil etməyə köməklik edə bilər.
Düzgün dövlət idarəçiliyinin həyata keçirilməsi, vətəndaş cəmiyyəti və sosial dialoqa yardım edilsin.
Siyasətin formalaşdırılması işində vətəndaş cəmiyyətinin iştirakı və düzgün dövlət idarəçiliyi prosesinə qatılması dəstəklənməlidir. Qara dəniz ölkələrində, o cümlədən münaqişə bölgələrində vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlıq təşəbbüslərinə yardım göstərilməlidir. Ümumi problemlərin regional həllərini birlikdə tapmaq və təklif etmək məqsədilə ticarət palataları, işəgötürənlər təşkilatları və həmkarlar ittifaqları kimi biznes qurumlara imkan yaradılmalıdır ki, bir-birləri ilə ünsiyyət qursunlar.